Azərbaycan Avropa və Asiya qitələrinin qovuşağında yerləşdiyindən daim dünya dövlətlərinin diqqət mərkəzində olmuşdur. Böyük İpək yolunun üzərində yerləşən Gəncə şəhəri ölkənin ən böyük ikinci şəhəri və eyni zamanda ən qədim yaşayış məntəqələrindən biridir. Gəncə şəhəri həm də özünün tarixi şəxsiyyətləri ilə də məşhurdur. Təkcə 12-ci əsrdə yazıb-yaratmış, ədəbi irsi bütün dünya tərəfindən tədqiq edilib öyrənilən Nizami Gəncəvinin adını qeyd etsək, fikrimizi bariz şəkildə isbat etmiş olarıq. Hələ, xanlıqlar dövründən bu günümüzə qədər Gəncə əhalisi yadelli işğalçılara qarşı daim qəhrəmanlıq nümunəsi göstərmişlər. 1786-1804-cü illər arasında Gəncəyə rəhbərlik etmiş Cavad xanın qəhrəmanlığı tarixin yaddaşına şanlı səhifə kimi həkk olunmuşdur. 1804-cü ildə rusların Gəncəyə hücumu zamanı rus ordusunun komandanı, gürcü əsilli general Sisianovun şəhəri təslim etmək barədə göndərdiyi ultimatuma Cavad xanın cavabı olduqca sərt olur. "Sən yalnız mənim meyitimin üzərindən keçdikdən sonra Gəncəni təhvil ala bilərsən! "Həmin döyüşdə Cavad xan oğlanları ilə birlikə qəhrəmancasına döyüşüb həlak oldular, ancaq sağ olduqları müddətdə Gəncəni düşmənə təslim etmədilər. Şərqdə ilk demokratik cümhuriyyət olan ADR də ilk fəaliyyətini məhz Gəncə şəhərində göstərmişdir. Gəncəlilərin qəhrəmanlıq ənənələri tarixin sonrakı mərhələlərində də davam etmişdir. Məhz bunun nəticəsidir ki, ikinci dünya savaşının tərkib hissəsi olan Böyük Vətən müharibəsinin ilk azərbaycanlı qəhrəmanı Gəncəli İsrafil Məmmədov olmuşdur. Gəncənin Azərbaycan üçün nə qədər əhəmiyyətli bir məkan olmasını ölkə başçımız cənab İlham Əliyevin bu şəhərə göstərdiyi hədsiz diqqət və qayğıdan da aydın şəkildə hiss etmək olur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2022-ci il yanvar ayının 31-də özünün fəaliyyəti dövründə Gəncə şəhərinə sayca 18-ci səfəri daha əhəmiyyətli səfərlərdən biri idi. Səfər zamanı ölkə Başçısı Gəncədə aparılmış quruculuq işləri ilə tanış olmuş ,bir sıra obyektlərin açılışında iştirak etmiş, Gəncə Memorial Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə demək olar ki, Gəncə şəhəri sosial-iqtisadi baxımdan sürətlə inkişaf etmiş, öz görkəmini müsbətə doğru böyük həcmdə dəyişmişdir. Ölkə Başçısı Gəncədə inşa edilmiş, müasir standartlara cavab verən Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak etmişdir. O, qeyd etmişdir ki, bundan əvvəl gəncəlilər məndən Gəncə Flarmoniyasının tikilməsini xahiş etmişdilər və mən onun tikilməsi çün göstəriş verdim. Bir neçə il bundan öncə həmin bina tikilib gəncəlilərin ixtiyarına verildi. İndi isə müasir standartlara cavab verən, bütün avadanlıqlarla təchiz edilmiş teatr binası istifadəyə verilir. Azərbaycan Respublikasının Prezidenti səfər çərçivəsində 2 saylı Gəncə ASAN xidmət mərkəzinin də açılışında iştirak etmişdir. Açılış zamanı cənab İlham Əliyev vurğulamışdır ki, ASAN xidmət modeli ilk olaraq Azərbaycanda tətbiq edilmişdir və bu xidmətin tətbiq edilməsi yalnız vətəndaş məmnunluğu üçün nəzərdə tutulmuşdur. Məhz ona görə də bu xidmətin adını ASAN qoymuşuq. Gəncə şəhəri əhali baxımından da ölkənin ikinci ən böyük şəhəri olduğu üçün əhalinin ASAN xidmətdən yararlanması müxtəlif çətinliklərlə üzləşir, növbələr yaranırdı. Əgər əhali növbələrdə əziyyət çəkirsə, daha bu xidmət öz mahiyyətindən bir qədər uzaqlaşmış olur. Ona görə də qərara aldım ki, bu şəhərdə ikinci ASAN xidmət mərkəzi yaradılsın. İndi artıq qısa müddət ərzində əvvəlkindən də daha böyük ASAN xidmət mərkəzi tikilib və bir neçə gündən sonra Gəncə əhalisinin istifadəsinə veriləcəkdir. Səfər çərçivəsində ölkə Başçısı Gəncədə inşası davam etdirilən İdman sarayında inşaat işlərinin gedişi ilə də tanış olmuşdur. Qeyd olumuşdur ki, inşaat işləninin bir il müddətinə başa çatdırılması nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, bu idman sarayı ölkə üzrə ən böyük idman sarayı olacaqdır. Bu sarayda demək olar ki,bütün idman növləri üzrə yarışlar keçirmək mümkün olacaqdır. Sonda Azərbaycan Prezidenti Gəncə Memorial Kompleksinin təməlini qoydu. Ölkə Başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsi zamanı erməni vəhşiliyindən ən böyük əziyyət çəkən şəhərlərimizdən biri də Gəncə şəhəridir. Biz müharibə dövründə erməni faşistlərindən fərqli olaraq yalnız legitim hərbi obyektləri hədəf almışıq. Heç bir halda dinc əhaliyə qarşı silah işlətməmişik . Ermənilər isə öz vəhşi xislətlərinə sadiq qalaraq düşünülmüş şəkildə, gecə saatlarında şəhərlərimizə müxtəlif növ ağır raketlərdən zərbələr endirmişlər. Nəticədə Gəncənin, tərkibi uşaqlardan, qocalardan ibarət olmaqla, 26 nəfər dinc sakini erməni vəhşiliyinin qurbanı olaraq qətlə yetirilmişlər. Bütün bu dağıntılara, qətliamlara baxmayaraq, Gəncə əhalisi öz tarixi ənənələrinə sadiq qalaraq qətiyyən sarsılmadı. Vətən müharibəsində gəncəlilər Ali Baş komandana, Azərbaycan ordusuna sona qədər dəstək oldular. Düşmənin raket zərbələri nəticəsizdə xarabalığa çevrilmiş bu ərazi olduğu kimi qalmaqla burada memorial kompleksi tikiləcəkdir. Bu kompleks erməni vəhşiliyinin, erməni faşizminin dünya üçün nə qədər təhlükəli olduğunu daim dünyanın gözü qarşısında canlandırılmasına xidmət edəcəkdir.Ələddin Əhmədov, Xocalı rayon ziyalısı